AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, yeni Texniki Direktor təqdim olunub
 

02:33 / 30.06.2026 Oxunub: 498

 

AZƏRTAC xəbər verir ki, əvvəlcə milli futbol assosiasiyasının prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev FIFA-nın qərarına əsasən, Azərbaycana həvalə edilən 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında bu il keçiriləcək ilk dünya çempionatı və festival barədə ümumi məlumat verib.

Ardınca ölkə futbolunda 2025/2026-cı illər mövsümünün yekunları müzakirə olunub. İcraiyyə Komitəsinin üzvləri mövsüm ərzində təşkilatçılıq, yarışların keyfiyyəti və ümumi inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

İclas çərçivəsində AFFA-nın yeni Texniki Direktoru Edmond Klaus təqdim olunub. O, gənclərin inkişafı, akademiya quruculuğu və idarəetməsi, təhsil və metodologiya, həmçinin skautinq sahəsində geniş təcrübəyə malikdir. Xüsusilə “Ayaks” akademiyasındakı fəaliyyətinin, həmçinin Niderland və Çində müxtəlif yaş qrupları üzrə milli komandalardakı təcrübəsinin Azərbaycandakı işinə mühüm töhfə verəcəyi vurğulanıb.

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov yeni yaradılmış Futbol İnkişaf Departamentinin fəaliyyəti və 5 ulduz modeli üzrə akademiyaların sertifikatlaşdırma qaydaları ilə bağlı məlumat verib. Növbəti mövsümdən etibarən tətbiq olunacaq qaydalar ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra baş katib Cahangir Fərəcullayev Azərbaycan Premyer Liqası klublarına qrant müqaviləsi əsasında uşaq və yeniyetmə futbolunun inkişafı üçün ayrılan maliyyə yardımından istifadə qaydaları və nəzarət mexanizmi barədə yeni yanaşma barədə məlumat verib. Səsverməyə qoyulan məsələ İcraiyyə Komitəsi tərəfindən qəbul edilib.

İclasda, həmçinin Elit Məşq layihəsi üçün təklif olunan yeni format müzakirə olunub. İcraiyyə Komitəsinin üzvlərinin qeydləri əsasında, layihənin təkmilləşdirilməsi ilə bağlı tapşırıq verilib.



Digər xəbərlər

Xəbər lenti

04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
28 Iyun 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ