Azərbaycan sevdalısı - “Bu addımlar Turanın ayaq səsləridir” - MÜSAHİBƏ
12:33 / 11.10.2022
Oxunub: 3283
Azərbaycana yardım göndərən soydaşımız: “Babalarımızın borcunu ödəyirik”
Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı Bayram Tanrıverdi sözün əsl mənasında bir Azərbaycan sevdalısıdır. Onunla İstanbulda görüşüb, Azərbaycan mətbuatı üçün söhbətləşdik. Müsahibəni təqdim edirik:
- Hazırda Türk dünyasının iki güclü dövləti var - Türkiyə və Azərbaycan. Bu iki dövlətin rəhbərləri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin son dönəmlərdə istər regional, istərsə də qlobal müstəvidə atdıqları mühüm addımlar dünyanın siyasi arenasında diqqətlə izlənilir və dəyərləndirilir. Prezidentlərin fərdi və koordinasiya olunmuş fəaliyyəti, bu iki dövlətin Türk dünyasının avanqardı kimi əhəmiyyətini xüsusilə önə çəkir. Təbii ki, biz də Türkiyə və Azərbaycan vətəndaşları olaraq bundan qürur duyur və yaxşı mənada həyəcanlanırıq. Bu birliyin, bu birgəliyin, bu qardaşlığın əhəmiyyətini siz necə dəyərləndirərdiniz?
- Əlbəttə, qardaşlığımızın, dostluğumuzun çox çətin sınaqlardan keçdiyi tarixi hadisələr var. Dövlətlərarası münasibətlərimizi zaman-zaman həm daxili, həm də xarici düşmənlərimiz pozmağa çalışıblar. Ancaq şükürlər olsun ki, hər dəfə onların bəd niyyətləri ürəklərində qalıb, xain planları boşa çıxıb.
Bu yerdə bir haşiyə çıxım: Türkiyə-Azərbaycan qardaşlığından danışarkən Şimali Kipr Türk Cumhuriyyətini də bura əlavə etmək yaxşı olardı.
Bəli, biz eyni ananın övladları, eyni babanın nəvələriyik. Qanı bir, ruhu bir, dili və dini eyni, lakin iki fərqli coğrafiyada məskunlaşmış, qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən Oğuz elinin balalarıyıq. Yəni bir millət kimi hər zaman ürəklərimiz birgə döyünüb.
Dövlətlərimiz arasındakı qardaşlıq münasibətlərinin təməli isə 100 il əvvəl – Türkiyə cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk ilə Şərqin ilk müstəqil respublikası - Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəzulzadə tərəfindən qoyulub. Təbii ki, bu işdə onların yaxın silahdaşları olan ziyalıların da müstəsna rolu olub.
- Ancaq çox keçmədi, yenidən ayrılıq küləkləri əsdi, qara buludlar başımızın üstünü aldı...
- Geri dönüb tarixə nəzər salanda bu iki qardaşın bir-birindən uzaq düşməsinə səbəb olan çox olaylar yaşanıb. Bəli, Birinci Dünya savaşının yenicə başa çatdığı dövrdə, olduqca mürəkkəb bir coğrafiyada Rəsulzadə kimi bir sərkərdə Azərbaycan adında bir cümhuriyyət qurdu. Təəssüf ki, o cümhuriyyətin ömrü qısa oldu, 70 illik sovetlər kabusu Azərbaycanla Türkiyəni bir-birindən ayırdı. Amma şükürlər olsun ki, o zaman imperiya işğalı nəticəsində süqut etmiş 20 aylıq Azərbaycan cümhuriyyəti gec də olsa, bolşevik işğalından qurtula bildi. Sovetlər kimi imperialist, işğalçı və repressiv bir rejimin tankları önündə əli silahsız dayanan Oğuz elinin övladlarının qəhrəmanlığı sayəsində Azərbaycan öz müstəqilliyini ikinci dəfə qazandı. Azərbaycan adlı günəş 20-ci əsrin sonlarında yenidən doğdu. Yeri gəlmişkən, bu cəsarət nümunəsi tarixdə çox nadir rast gəlinən faktlardan biridir.
Türk dünyasının mərhum liderlərindən Əbülfəz Elçibəyin adıyla şölələnən Azərbaycan respublikası sonrakı mərhələdə bənzərsiz siyasətçi, ulu öndər Heydər Əliyevin idarəçiliyi ilə qısa zamanda öz coğrafiyasının super güc dövlətinə çevrildi. Artıq bu gün Azərbaycan təkcə bölgədə deyil, eləcə də dünyanın qabaqcıl ölkələri arasında söz sahibidir.
- Azərbaycan və Türkiyə II Qarabağ savaşından sonra bir çox sahədə əməkdaşlıq edir; istər siyasi, istər iqtisadi, istərsə də mədəni baxımdan birgə layihələr həyata keçirir. Mübaliğəsiz desək, bütün dünyanın gözü, nəzəri bu qardaşlıq münasibətlərinin üzərindədir. Bəs sizcə, boşluqlarımız nədədir? Əməkdaşlıqda nəzərdən qaçırdığımız daha hansı məsələlər var?
- Doğrudur, bu gün Azərbaycan-Türkiyə qardaşlığı bütün dünya dövlətləri üçün bir örnəkdir. Belə bir tarixi nümunə indiyə qədər görülməyib. Elə düşmənlərimizin çox olması da bizim - bu iki türk dövlətinin birgəliyindən qaynaqlanır. Bilirsiniz, həm Anadolu türklərinin, həm də Qafqazdakı Oğuz türklərinin qədim dövlətçilik tarixi var. Hər iki türk boyunun dünyaya əsrlərlə hökmranlıq edən imperiyalar qurmuş, böyük zəfər yolu keçmiş sərkərdələri olub. Səlcuqlardan, Şirvanşanlardan tutmuş bu günümüzə qədər bu dövlətlər ayrı-ayrı adlarla yaşamağa davam edir.
Azərbaycan xalqı 27 sentyabr 2020-ci ildə böyük tarixi nailiyyət əldə etdi: 44 günlük Vətən müharibəsində öz şanlı keçmişini, milli qürurunu bir daha qazanmış oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq bir yumruğa çevrildi. “Dəmir Yumruq” 30 illik erməni işğalına son qoydu, onlara heç vaxt unutmayacaqları əbədi bir dərs verdi. Bu qısa savaş dönəmində Türkiyənin də qardaşlıq əli can Azərbaycanın çiynindən düşmədi; bütün imkanlarıyla qardaş ölkənin haqq savaşını müdafiə etməklə dünyanın önündə durdu, “Azərbaycan yalnız deyil, biz varıq!” dedi. Təbii ki, bu tarixi sınaq qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirdi.
Soruşursunuz boşluqlarımız varmı? Əlbəttə var. Əslində bu boşluqların olması da normal haldır. Axı hələ yeni başlamışıq, addım-addım daha da irəli gedəcəyik. Bu iki qardaş dövlətin təşəbbüsü ilə bir müddət əvvəl İstanbulda Türk Dövlətləri Şurasının yaranması, Türk dövlətlərinin bir masa arxasına toplanması böyük tarixi hadisədir. Bu, “Turan” adlı bir arzunun, çoxları üçün xəyal hesab edilən ideyanın ayaq səsləridir, deyə bilərik.
- Bayram müəllim, siz Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamlarından birisiniz. Bildiyimiz qədər, II Qarabağ savaşında Azərbaycan ordusuna maddi dəstək məqsədilə “Dədələrimizin borcunu ödəyirik” sloqanı ilə keçirilən aksiyanın təşəbbüskarı olmusunuz. O dönəmdə nələr yaşandı, haradan qaynaqlanmışdı o ideya?
- Bəli, belə bir aksiyanın təşəbbüskarı olmuşam. 2020-ci ilin 27 sentyabrında Azərbaycanda Vətən müharibəsi başlayarkən orada yaşanan olayları ruhumuzla hiss edir, sevinənlərlə sevinir, ağlayanlarla ağlayırdıq.
Qeyd edim ki, mənim babalarım indiki Ermənistan ərazisi sayılan Gümrü qəzasının Molla Musa kəndindəndir. Birinci Dünya savaşından sonra çar Rusiyasının bizim yaşayış məntəqələrimizi erməniləşdirmə siyasəti nəticəsində biz 1918-ci ildə dədə-baba torpaqlarımızdan didərgin düşdük. Anadoluda olan erməniləri bizim kəndlərə yerləşdirib, bizi o yerlərdən sürgün etdilər. Bundan sonra babalarımız Türkiyənin Qars şəhərinə köç edərək orada məskunlaşdılar. Düzdür, biz bu gün İstanbulda yaşayırıq, çalışırıq, ancaq qanımızla, canımızla, bütün ruhumuzla özümüzü o doğma diyarda – tarixi Azərbaycan torpaqlarında hiss edirik. Buna görə də Vətən müharibəsi başlayanda dərk edirdik ki, Azərbaycanın haqq savaşı bizim savaşımızdır. Mən də o zaman düşündüm ki, bəs bizlər bu savaş üçün nələr edə bilərik? Qərar verdim və qısa zamanda hərəkətə keçdik. Əvvəlcə “facebook” sosial şəbəkəsində “Can Azərbaycan” qrupu yaradaraq Türkiyədə yaşayan qarslı iş adamlarını bir araya gətirdik, Azərbaycan ordusuna dəstək üçün bir işlər görək, dedik. Qeyd etdiyiniz kimi, kampaniyaya “Dədələrimizin borcunu ödəyirik” sloqanıyla başladıq. Hər kəs imkanı daxilində kömək etdi. Önəmli olan, qəlblərin Azərbaycan üçün döyünməsidir. Buradan elə sizin vasitənizlə, başda iş adamı Ali Şayir olmaqla, dəstək verən hər kəsə öz təşəkkürümü bildiririəm.
- “Dədələrimizin borcunu ödəyirik” ifadəsini bir az açıqlaya bilərsinizmi: söhbət hansı borcdan gedir?
- Bilirsiniz, 1914-cü ildə başlayan Birinci Dünya savaşından Türkiyə Cümhuriyyəti elan edilən tarixə qədər Anadolu türkləri çox çətin savaşlardan, tarixi imtahanlardan keçib. Osmanlının süqut etdiyi dövrlərdə, dahi Atatürk ağır coğrafi şərtlər altında başlatmış olduğu Qurtuluş savaşında Azərbaycanın o zamankı hakimiyyətinə müraciət edib. Dövlət büdcəsinin boş olduğu, heç bir maddi qaynağın qalmadığı o ağrılı-acılı günlərdə Atatürk qardaş ölkədən borc istəyir. Azərbaycan Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyskinin imzaladığı sənədlə qısa zamanda Türkiyəyə maddi yardım göndərilir. Bir müddət sonra Azərbaycan bolşevik işğalına məruz qalır, ölkədə Şura hökuməti qurulur. Atatürk bu dəfə yeni hökumətin başçısı Nəriman Nərimanova müraciət edir. Türkiyəyə maddi yardım edilməsi haqqında Müsavat hökumətinin imzaladığı sənədi xatırladır və borcun qalan hissəsini də göndərməyi xahiş edir. Nərimanov isə cavab məktubunda belə yazır: “Qardaş qardaşa borc verməz, əl tutar”.
Bax, bu ifadə o gündən sonra iki türk dövlətinin sarsılmaz qardaşlıq simvoluna çevrildi. O zamankı liderlərimiz bu əməlləri ilə qardaşlığı təkcə sözdə deyil, əməldə sübut etmiş oldular. Bu gün bu iki dövlət ətlə dırnaq kimi bitişikdirsə, birlikdədirsə, bu, həmin tarixi şəxsiyyətlərin vaxtilə əkmiş olduqları toxumların bəhrəsidir. Biz də tarixi ənənəyə sadiq qalaraq, babalarımızın borcundan azaltmış olarıq dedik.
- Sizi tanıyanlar, haqqınızda hər zaman xoş sözlər deyir, xeyirxah işlərinizdən, imkansızlara etdiyiniz yardımlardan danışır, tələbələrə verdiyiniz təqaüdlərdən bəhs edirlər. Bilirəm, təvazökar bir insansınız, yəqin ki, bu məqamların üzərindən səssiscə ötüb keçəcəksiz. Ancaq düşünürəm ki, sizin kimi milli düşüncəli, əsil-kökə bağlı iş adamlarının baba vətənlərində tanınması vacibdir. Heç bu barədə düşünmüsünüzmü? Ümumiyyətlə, sizi Azərbaycanda nə qədər tanıyırlar?
- Haqqımda yaxşı sözlər deyənlərə təşəkkür edirəm. Əgər 71 yaşımda, bu günə qədər gördüyüm işlərin, etdiyim xidmətlərin qarşılığında, insanlığımla, ləyaqətimlə bunu qazana bilmişəmsə, demək, mənim əsl qazancım, var-dövlətim elə o qiymətli sözlərdir. Bacardığım qədər çalışmışam insanlara yardımçı olum, ancaq necə deyərlər, sağ əlin verdiyini sol əlin bilməməsi lazımdır. Bu anlayış mənim üçün həmişə vacib olub. Yaxşı əməlləri Allahın rizası üçün et, bəndə bilməsin - önəmli olan budur.
Tələbələrə gəlincə, Türkiyənin dövlət universitetlərində təhsil alan təqribən 40-a yaxın tələbəyə təqaüd ayırmışam. Hələ gələcəkdə bu rəqəmi daha da artırmaq fikrimiz var. Çünki bu dönəmdə Türk dünyasının birliyi, bütünlüyü üçün biz türk milliyyətçilərinin ən prioritet məsələsi insana qoyulan sərmayədir. O tələbələri biz bu gün oxutmalıyıq ki, haçansa onların millətə, dövlətə faydası olsun; onları elə yetişdirməliyik ki, gələcəkdə bizi öz qanımızdan, ruhumuzdan olan şəxslər idarə etsin və dövlət əmin əllərdə olsun. Əgər bizlər Turan arzusuyla yaşayırıqsa, öncə gənc nəsli düzgün yetişdirməyimiz lazımdır. Onları oxutmaq, elmə, təhsilə yiyələndirmək birinci və sonuncu şərtdir.
- Bir neçə gündür İstanbulda sizin qonağınızam. Ofislərinizi, iş yerlərinizi gəzirəm. Ən çox bir məqam diqqətimi çəkdi: hər yerdə Azərbaycana olan sevginizdən bir nişanə var: divarlardakı portretlərdən tutmuş, masa üzərindəki kitablara, jurnallara, rəflərinizdəki mahnı vallarına qədər - hər şey Azərbaycandan xəbər verir...
- Azərbaycana aid nə varsa, onun bir tərəfində mənim sevgimi görə bilərsiniz. Oğuz mədəniyyətinə aid küçə oyunları, geyimlərimiz, yeməklərimiz, toy-düyünlərimiz, el şənlikləri, bayramlar və bu kimi saymaqla bitməyən adət-ənənələrimiz var. Babalarımızın bu zəngin mirasını qədim dövrlərdən bu günə qədər qoruyub saxlamışıq. Bu gün də nəvə-nəticələrimizə o milli kimliyimizin notlarını əzbərlədirik. Öz ailəmə, övladlarıma hər zaman Azərbaycanın dəyərlərindən, adətlərindən danışmışam. Əgər bir millət öz mədəniyyətinə sahib çıxmazsa, millət ola bilməz, dövlətini qoruyub saxlaya bilməz.
- Azərbaycan mahnılarına olan sevginiz isə bir başqadır...
- Azərbaycanın klassik mahnıları dünya musiqi incilərinin ən dəyərli nümunələrindən biridir. Çoxunu əzbər bilirəm. Məndə Bülbülün, Cabbarın səsi, onların ifasının yazıldığı elə vallar, elə kasetlər var ki, heç onlar Azərbaycanda yoxdur. Mən onları illərlə bir-bir ordan-burdan toplamışam.
Çoxdanın söhbətidi, bir dəfə Azərbaycana səfər edərkən Dövlət Televiziyasının baş redaktoru Mövlud Süleymanlı ilə görüşüm oldu. Ondan Azərbaycan klassik mahnılarını istədim. Fikrim vardı, Türkiyədə mənim şirkətimə məxsus “Baycan FM” adlı radiomuzda o mahnıları səsləndirək. Mövlud müəllim güldü, dedi “sənin şəxsi arxivində olan Azərbaycan mahnıları heç bizdə yoxdur”.
Həqiqətən də elədir. Bax, o rəfdə gördüyün (əli ilə işarə edir) kassetlər, vallar Azərbaycanın klassik mahnılarından ibarət mənəvi bir sərvətdir. Vaxtım olduqca oxuduram onları, öz kökümə ruhuma qayıdıram, qida alıram, dədələrimizin yurdunu gedib ziyarət edirəm elə bil...
- Vaxtilə Azərbaycana səfər etdiyinizi dediniz; yeri gəlmişkən, ilk səfəriniz nə vaxt olub?
- Azərbaycana ilk səfərim 1989-cu ildə böyük türk milliyyətçisi, akademik Turan Yazğanın təşkilatçılığı ilə olub. O vaxtdan bu günə qədər, demək olar, hər il səfərlərim olur.
- Bülbülün adını çəkdiniz, Şuşa yada düşdü. Bilirsiniz, Azərbaycanımızın mədəniyyət beşiyi olan bu şəhər işğaldan qurtarılandan sonra Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda Türkiyə ilə Azərbaycan arasında imzalanan “Şuşa bəyannaməsi” bu şəhərin həm də siyasi baxımdan nə qədər əhəmiyyətli olduğunun göstəricisidir. Şuşa haqqında sizin təsəvvürlərinizi də bilmək maraqlı olardı.
- Şuşada heç olmamışam. Ancaq o əfsanəvi şəhəri ömrümdə heç olmasa, bircə dəfə gedib görmək böyük arzumdur. Şuşa bizim namusumuzdur, Şuşa Türk dünyasının qırmızı xəttidir. Əlbəttə, o işğal çox sürə bilməzdi, tarixi fürsət lazım idi. Çox şükür o fürsəti də dəyərləndirməyi bacardıq. Hər iki dövlətin ağıllı, uzaqgörən dövlət başçılarının düzgün qərarları, qətiyyəti, iradəsi və təbii ki, bizim qəhrəman övladlarımızın şücaəti ilə mənəvi xəcalət tərindən qurtulduq. Bu gün artıq alnımız açıq, başımız dik gəzirik. Şuşa bizimdir, Şuşa Qarabağdır, Qarabağ da Azərbaycandır!
2020-ci il 8 Noyabr tarixi təkcə Azərbaycanın deyil, bütün Türk düyasının Zəfər günüdür. Şuşanın fəthi İstanbulun fəthi deməkdir, türkün şərəf məsələsidir. Və biz o şərəfin altına Türkün imzasını atdıq. Gözlərimiz sevinc yaşlarıyla doldu, daşdı. Müharibədir, təbii ki, şəhidlərimiz də oldu. Məkanları cənnət olsun. Hər birinin acısını, ağrısını içimizdə yaşayırıq. Ancaq nə etmək olar? Bizlər məhz “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq - əgər uğrunda ölən varsa, Vatandır” prinspiyilə əsrlərdir öz kimliyimizi, bütünlüyümüzü, azad və müstəqil dövlətçilik ənənələrimizi qoruyub saxlayırıq.
- Müsahibəniz Azərbaycanda yayılacaq, minlərlə oxucusu olacaq. Baba vətəninizə, oradakı oxuculara nə sözünüz var?
- Azərbaycanlı qardaşlarıma bütün səmimiyyətimlə, canü könüldən bağlı olduğumu bildirmək istəyirəm. Sonra istəyirəm, dahi Atatürkün “Acınız acımız, sevinciniz sevincimizdir” ifadəsini yaşadığımızı hər kəs bilsin. Eyni zamanda arzulayıram ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” devizinə hər birimiz sadiq qalaq.
Fürsətdən istifadə edib, ölkənizdə fəaliyyət göstərən iş adamlarına da bir çağırış etmək istəyirəm: Azərbaycanda minlərlə şəhidin qanı var, o topraqlar müqəddəs torpaqlardır. Orada yaşadığınız, qazandığınız bütün maddi-mənəvi sərvətinizi o şəhidlərə borclusunuz. Gəlirinizin mində birini zəkat versəniz, o şəhid və qazilərin ailələri, övladları sıxıntı çəkməzlər. Mən bunu “Bayramoğlu holding”in 71 yaşlı rəhbəri kimi deyil, bir qardaşınız olaraq söyləyirəm. Şəhidlər bizim and yerimizdir, onların ailə və uşaqları isə bizə əmanətdir, onları yalnız buraxmayın!
Allah şəhidlərimizə rəhmət eləsin. - Hazırladı:
- Kanal 20 TV, Səbuhi Bayramov


Digər xəbərlər
Türk iş adamı Ali Şayir: "Azərbaycan üçün çəkdiyim həsrət sona çatdı..." - MÜSAHİBƏ
Laçına qayıdış DAVAM EDİR - Millət Vəkili
İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibə verib
113 günün vəhşəti
Liberman: Azərbaycan multikulturalizmin gözəl nümunəsidir
Kılıçdan AÇIQLAMA: "Zəngəzurdan İrana nə? Öz işi ilə məşğul olsun"
Xəbər lenti
04 May 2026


