Dünya liderlərindən Azərbaycanla Ermənistan arasındakı sülhə dəstək mesajları

20:23 / 04.05.2026 Oxunub: 70

İrlandiyanın Baş naziri Mixol Martin Azərbaycan və Ermənistan liderləri - İlham Əliyev və Nikol Paşinyanın Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi istiqamətindəki diplomatik səylərini yüksək qiymətləndirib.

Oxu.Az xəbər verir ki, o, bu barədə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısının yekunlarına dair mətbuata açıqlamasında bildirib.

"Hamımız münaqişələrlə üzləşmişik. İrlandiya bunu təxminən 30 il əvvəl yaşayıb. Lakin münaqişədən çıxış yolu, irəliyə doğru addımlamaq üçün imkan mövcuddur", - deyə Martin bildirib.

O vurğulayıb ki, sülh üçün əsas amillər vəziyyətə həssas yanaşma, siyasi iradə və güclü liderlikdir.

Baş nazirin sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyan sülhə nail olmaq üçün zəruri keyfiyyətləri - diplomatik səyləri və kompromisə hazır olduqlarını nümayiş etdiriblər.

"Siz, Azərbaycandakı həmkarınız kimi, bunu nümayiş etdirmisiniz və biz bunu yüksək qiymətləndiririk", - deyə Martin Paşinyana müraciət edərək qeyd edib.

O, həmçinin mövcud səyləri Avropanın daha geniş vəzifələri, o cümlədən birliyin və sabitliyin möhkəmləndirilməsi ilə əlaqələndirib:

"Bu gün "Avropa Siyasi Birliyi" gələcəyin qurulmasına - birliyin və sabitliyin təmin olunmasına yönəlib. Bu prosesdə bir çox ölkə iştirak edir".

15:17

İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı çərçivəsində bir sıra dünya liderləri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dəstək mesajları veriblər.

Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, tədbir çərçivəsində Kanada, Ukrayna və Avropa İttifaqı Şurasının liderləri sülh prosesi barədə fikirlər səsləndiriblər.

Tədbirdə çıxış edən Kanadanın Baş naziri Mark Karni bildirib:

"Azərbaycan və Ermənistan arasında sülh yolunda əldə edilən irəliləyişi, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin sammitdə iştirakını (video bağlantı vasitəsilə - red.) alqışlayıram".

Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta isə bu fikirləri səsləndirib:

"Avropa Siyasi Birliyinin bu sammiti tarixi əhəmiyyət kəsb edir, çünki bu, Azərbaycan və Ermənistan arasındakı razılaşma sayəsində, mümkün olub. Bu razılaşma sayəsində həmçinin Ermənistan və Türkiyə arasındakı münasibətlər də yaxşılaşıb və regionu dəyişiklik yoluna çıxarıb", - deyə o bildirib.

Ermənistan və Azərbaycan arasındakı sülh razılaşmasından danışan Antoniu Koşta bildirib ki, bu razılaşma eskalasiya və müharibənin hökm sürdüyü bir dünyada bayram edilməli olan sülh hekayəsidir.

Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə çıxışında hər iki ölkəyə sülh arzulayıb:

"Biz Azərbaycan və Ermənistana davamlı, hərtərəfli və uzunmüddətli olacaq sülh arzulayırıq. Cənab baş nazir və Prezident İlham Əliyev, biz sizə sülh arzulayırıq. Bunu hər iki ölkəyə arzulayırıq".



Digər xəbərlər

Xəbər lenti

04 May 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ